Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Rayon haqqında
30 Noyabr , -1

SÜLEYMANOV MƏZAHIR HƏBULLAH OĞLU

1944-cü ildə Zərdab rayonunun Məmmədqasımlı kəndində anadan olub. Yuxarı Seyidlər kənd ibtidai məktəbində oxumuş, orta məktəbi qonşu Bıçaqçı kəndində bitirmişdir.

1963-cü ildə M.A. Əliyev adına indiki İncəsənət Universitetinin teatr və kino aktyorluğu fakültəsinə daxil olmuş, 1972-ci ildə oranı müvəffəqiyətlə bitirərək Sumqayıt Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdır.

2006-cı ildə Azərbaycanın Əməkdar artisti adına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 2008-ci il sərəncamı ilə Süleymanov Məzahir Həbullah oğluna Azərbaycan Respublikasının Xalq artisti fəxri adı verilmişdir.

Hazırda Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktyorudur.

 

MƏMMƏDOV ƏDALƏT MƏTİ OĞLU

1949-cu ildə Zərdabda anadan olan Məmmədov Ədalət burada 1 saylı şəhər orta məktəbi bitirdikdən sonra İncəsənət Universitetinə daxil olmuşdur. Hazırda Respublikanın Əməkdar Artisti adını daşıyan həmyerlimiz Gənc Tamaşaçılar  Teatrının aktyorudur. O, eyni zamanda dubliyaj redaksiyasında da aktyor işləyir.

 

ABBASOV ÇİNGİZ QURBAN OĞLU

1950-ci ildə Zərdab şəhərində anadan olub. Doğma Zərdabda orta məktəbi və Bakıda İncəsənət Universitetini bitirib. 37-ildir ki, Az.TV-nin musiqi verilişləri redaksiyasında xalq musiqisi şöbəsinin redaktorudur. Xalq musiqisi və muğamlarımızın təbliğindəki xidmətlərinə görə “Min bir mahnı” mükafatının fəxri diplomuna layiq görülüb. Azərbaycan televiziyası və Radiosunun inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 noyabr 2006-cı il tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

 

ABBASOV MÜRŞÜD İLYAS OĞLU

1941-ci ildə Zərdab rayonunun Məlikli kəndində anadan olub.Gözəl səs diapazonuna malik tanınmış muğam ifaçısı, Azərbaycan Dövlət Filarmoniyasının solisti idi. Orta Asiyada tez-tez qastrol səfərlərində olan Mürşüd Abbasov növbəti qastrol səfərinə yola düşərkən 1975-ci ildə - 34 yaşında təyyarə qəzasında həlak olub.

 

MİRZƏYEV AZƏR ƏLİBABA OĞLU

Valideynləri Zərdabdan Sabirabada köçən Mirzəyev Azər 1951-ci ildə anadan olub. Bakıda İncəsənət universitetini bitirdikdən sonra aktyorluq fəaliyyətinə başlamışdır.Əməkdar Mədəniyyət işçisi olan Azər Mirzəyev hal-hazırda Azərbaycan Dövlət Dram Teatrının aktyorudur.