Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Kitabxanalar və kitablar haqqında maraqlı
30 Noyabr , -1

Maraqlı və zəngin tarixi yol keçən kitabın yaranması və təşəkkülündə bir sıra amillər mühüm rol oynamışdır. Bu təbii amillər sırasında ilk olaraq əlifbanın meydana gəlməsini qeyd etmək olar. Bəşər sivilizasiyasında əlifbanın yaranması eramızdan əvvəl XI-X əsrlərə təsadüf edir. Aralıq dənizinin şərq sahillərində yaşayan finikiyalıların yaratdığı 22 hərfdən ibarət əlifba əsasında sonradan yunan, latın əlifbası tərtib edilmişdir. Kitabın yaranması və inkişafında rol oynayan ikinci əsas amil yazı materiallarıdır.                                                     Yazı və əlifbadan fikirlərini ifadə üçün müxtəlif vasitələr üzərinə həkk etməklə istifadəyə başlayan insanların ilk kitabları daş, gil lövhələr, metal, ağac, sümük, bitki və heyvan dərisi olub. Bunlardan ən uzunmüddətlisi və geniş yayılanı isə gil lövhələrdir ki, onların ən qədiminin 5 min ilədək yaşı olduğu bildirilir.                       Geniş yayılan bu yazı vasitəsi, təbii ki, ağır, böyük və yöndəmsiz olduğundan ondan istifadə də müəyyən çətinliklər yaradırdı. Ona görə də insanlar getdikcə daha əlverişli vasitələrin axtarışına başladılar. Eramızdan əvvəlki IV-III minilliklərdə qədim misirlilər papirus adlı xüsusi yazı materiallarından istifadə etməyə başladılar. Nil çayı vadisi boyunca yetişən qamışa oxşar bitkidən əmələ gələn bu material da əsl yazı vasitəsi kimi çox yaşaya bilmədi. Sonralar onu Kiçik Asiyanın Perqama şəhərində meydana gələn daha möhkəm və uzun müddət yaşaya bilən perqament əvəz etdi. Heyvan dərisindən hazırlanan bu material da zaman keçdikcə yerini başqa vasitəyə - kitab üçün ən mükəmməl sayılan kağıza verdi. Kağızın meydana gəlməsi haqqında ilk məlumat eramızın I-II əsrlərinə aiddir. Eranın 76-cı ilindən başlayaraq kağızın kitabçılıq işində tətbiqinə başlanılır. Təbii ilkin formasında bəsit və keyfiyyətsiz olan kağız sonradan təkmilləşdi. İlk olaraq 105-ci ildə çinli Tsay Lun kağız istehsalı sahəsindəki təcrübəni ümumiləşdirərək onu təkmilləşdirdi.                                                                                                                                                     Maraqlıdır ki, Çində kağız müxtəlif növ və rənglərdə inkişaf etsə də, çinlilər onu uzun müddət, təxminən VIII əsrin ortalarınadək gizli saxlamağa müvəffəq olmuşdular. Bu, digər ölkələri maraqlı addımlar atmağa məcbur edir.                                                                                                                                                             Bir müddət Səmərqənd kağızı Şərqin mədəni ölkələrində geniş yayıldı. Nəhayət, 793-cü ildə Bağdadda, 900-cü ildə Misirdə kağız istehsal edilir. Daha sonra kağız istehsalı dünyanın başqa ölkələrinə, təxminən X əsrdə isə Avropa ölkələrinə, o cümlədən Rusiyaya keçir.                                                                             Kağızın meydana gəlməsi əlyazma kitablarının yaranmasına və geniş yayılmasına müsbət təsir göstərdi. Lakin mütaliəyə maraq genişləndikcə əlyazma kitabları oxucunun tələbatını ödəyə bilmirdi. Ona görə də irəli düşüncəli insanlar kitab istehsalını sürətləndirmək, onu mexanikiləşdirmək uğrunda uzunmüddətli axtarışlara başladılar. Kitabşünas H.Həsənovun yuxarıda qeyd etdiyim kitabında çapçılığın Şərqdə yaranması ilə bağlı maraqlı faktlar var: «VIII əsrin ilk onilliklərində Koreyada (704-751), Çində (713-741), sonralar Yaponiyada (765-770) ksiloqrafiya üsulu ilə çap işi, çinli Bi Şen tərəfindən mütəhərrik çap literinin hazırlanması (1041-1048) kitab istehsalının sürətini əsaslı şəkildə artıra bilməsə də, kitab çapına doğru ilk müvəffəqiyyətli axtarışlara səbəb oldu».                                                                                Avropada kitab çap üsulu isə çox sonralar meydana gəlib. Belə ki, 1440-cı ildə alman ixtiraçısı Yohan Qutenberq Qərbdə kitab çapının əsasını qoydu. Onun mətbəəsində «Tövrat», «Türk təqvimi», E.Donatın «Latın qrammatikası» və s. kitablar nəşr edilib. Almaniyada meydana gələn kitab çapı 1457-ci ildə Maynsda, 1461-ci ildə Bamberqdə yayılaraq sonradan qonşu ölkələri əhatə etdi. 1465-ci ildə İtaliyada, 1468-ci ildə İsveçrədə, 1470-ci ildə Fransada, 1473-cü ildə Belçikada, Macarıstanda və Polşada, 1474-cü ildə İspaniyada, 1476-cı ildə Çexiyada, İngiltərədə və s. kitab çapına başlanılır. XV əsrdə kitab çapının ən mühüm mərkəzi isə Venesiya hesab olunurdu. 

Kitabın çap texnologiyası zaman keçdikcə təkmilləşərək yeni kəşflər sayəsində daha da zənginləşirdi. XVIII əsrin 90-cı illərində almaniyalı A. Zenefelder daşbasma üsulunu (litoqrafiya), 1867-ci ildə isə rusiyalı P.P. Knyaginski avtomat özüyığan maşını ixtira edir. «Fotoyığım» ideyası isə macar ixtiraçısı E. Porselt tərəfindən irəli sürülsə də (1894), onun geniş tətbiqi XX əsrin ortalarını əhatə edir.