Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Dağlıq Qarabağ münaqişəsi
2 Aprel , 2016
1993-cü ilin mart ayında Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunun işğalına dair planlarını həyata keçirməyə başladılar. Bu işdə o vaxt hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi və məsuliyyətsizliyi, "sapı özümüzdən olan baltalar"ın xəyanətkarlığı da erməni quldurlarına yardımçı oldu. Əvvəlcə Ağdərə-Kəlbəcər yolu ələ keçirildi. Martın 27-də isə erməni silahlı birləşmələri üç istiqamətdən Kəlbəcər üzərinə hücuma başladılar. Hücumdan əvvəl, Kəlbəcərə gedən yollar müəmmalı şəkildə minalardan təmizlənmiş, 3 min nəfərlik hərbi qüvvə rayon ərazisindən çıxarılmışdı.
Kəlbəcərlilərin respublika rəhbərliyinə təkid, yalvarış və xahişlərlə dolu müraciətləri isə nəticəsiz qaldı. Vəd olunan kömək göndərilmədi. İşğalın reallığını hiss edən silahsız və köməksiz əhali ev-eşiyini, var-dövlətini qoyub qaçmağa məcbur oldu. İnsanlar qarda-boranda yeganə işlək yol olan Murov yolu ilə Gəncə istiqamətində yollandılar. Bu yolda nə qədər insan çovğuna, şaxtaya düşüb məhv oldu, əl-ayaqlarını şaxta vurdu. Kəlbəcər aprel ayının 3-də işğal olundu. Düşmən məqsədinə çatdı. Olduqca əlverişli hərbi-strateji əhəmiyyətli bir ərazi ələ keçirildi. Daxili xəyanətkarların əli ilə əsrlər boyu düşmənə sinə gərmiş, qalalı, səngərli Kəlbəcər torpağı yağı tapdağı altda qaldı.
BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da Kəlbəcərin işğalını pisləyən, erməni işğalçılarından dərhal həmin ərazini tərk etməyi tələb edən 822 №-li qətnamə qəbul etsə də, bu mühüm sənəd hələ də yerinə yetirilməmişdir. İndi respublikanın bütün rayonlarında köçkün həyatı yaşayan kəlbəcərliləri yalnız bir şey düşündürür: tezliklə doğma yurda qayıtmaq, düşmənin xarabazarlığa çevirdiyi bu cənnət diyarı yenidən öz əvvəlki görkəminə qaytarmaq.