Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Xəbərlər
29 Dekabr , 2016

ƏZİZƏ CƏFƏRZADƏ-95
29 dekabr yazıçı, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, görkəmli həmyerlimiz Əzizə Cəfərzadənin anadan olmasının 95 illik yubileyidir.

Əzizə Cəfərzadə 1921-ci il dekabrın 29-da Bakı şəhərində anadan olmuşdur.(Əslən Hacıqabul rayonunun Tağılı kəndindəndir)
İbtidai təhsilini 25 saylı məktəbdə almış, sonra teatr texniki məktəbində və ikiillik müəllimlər institutunda oxumuş, 1942-1944-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləmişdir. 1946-1947-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1944-1946-ci illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi, 1947-1949-cu illərdə teatr texniki məktəbinin müdiri, 1950-1955-cı illərdə pedaqoji institutda dosent, kafedra müdiri, 1956-cı ildə Kamçatka pedaqoji institutunda dosent, 1957-74-ci illərdə Azərbaycan Elmlər Akademiyasının əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri, 1974-ci ildən isə Bakı Dövlət Universitetinin professoru vəzifələrində çalışmışdır[1]. Əzizə Cəfərzadə XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınırdı və bu sahədə 1950-ci ildə "XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri" mövzusunda namizədlik, 1970-ci ildə "XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.
Ədəbi fəaliyyətə 16 yaşında başlamış və "Əzrayıl" adlı ilk hekayəsini 1937-ci ildə "Ədəbiyyat" qəzetində çap etdirmişdir. İlk kitabı 1948-ci ildə çap edilmiş, lakin Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan olunub yandırılmışdır. Əzizə xanımın nəsr əsərləri əsasən tarixi roman janrında yazılmışdır. O, müasir Azərbaycan nəsr tarixində bu janrı yenidən həyata gətirmişdir. Onun bu qəbildən yazdığı əsərləri aşağıdakılardır:
"Natavan haqqında hekayələr" (1963) – bu hekayələrdə yazıçı Qarabağın son xanı Xurşidbanu Natəvanın (XIX əsr) həyatını qələmə almışdır;
"Aləmdə səsim var mənim" (1973-1978)- ilk tarixi romanı XIX əsrdə Şamaxıda yaşayıb-yaratmış məşhur şair Seyid Əzim Şirvaninin ədəbi həyatı haqqındadır;
"Vətənə qayıt" (1977) – XVIII əsrdə rus qoşunlarının Azərbaycana ilk gəlişi fonunda şair Nişat Şirvaninin həyatı və Şirvanın Selyan bölgəsində baş verən hadisələr;
"Yad et məni" (1980) – XIX əsrin sonu XX əsrin əvvəllərində romantik şair Abbas Səhhətin həyat və yaradıcılığı ilə bağlı roman;
"Bakı-1501" (1981) – Şah İsmayıl Xətai və onun Bakıya yürüşu tarixinə həsr olunmuş roman;
"Cəlaliyyə" (1983) – XII əsr Naxçıvanın qadın hökmdarı Cəlaliyyənin ölkənin müdafiəsi uğrunda apardığı mübarizənin tarixi;
"Sabir" (1989) – XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaratmış məşhur satirik şair Mirzə Ələkbər Sabirə həsr edilmiş əsər;
"Eldən elə" (1992) – XIX əsrdə 37 il dünya səyahətində olan coğrafiyaşünas Zeynalabdin Şirvaninin həyatı haqqında roman;
"Bir səsin faciəsi" (1995) – XIX əsrin sonunda yaşamış müğənni Mirzə Güllərin faciəli həyatından bəhs edən əsər;
""Gülüstan"dan öncə" (1996) – XIX əsrin əvvəllərində rus qoşunlarının Şirvana hücumu tarixinə həsr olunmuş roman;
"Zərrintac-Tahirə" (1996) – XIX əsrdə İran Azərbaycanında yaşayıb-yaratmış qadın şairə və Bab hərakatının liderlərindən biri Tahirə Qürrətüleynin həyatı haqqında əsər;
"İşığa doğru" (1998) – XX əsrdə İranda Bab hərakatının əks-sədası kimi baş verən faciəvi tarixə həsr edilmiş povest;
"Bəla" (2001) XVI əsrdə Şah İsmayıl Xətaidən sonra Azərbaycanda baş verən və sonu Azəbaycanın xırda xanlıqlara parçalanması ilə nəticələnən hakimiyyət uğrunda gedən saray çəkişmələri haqqında əsər;
"Rübabə-sultanım" (2001) – XX əsrdə baş verən ictimai-siyasi hadisələr fonunda yarı bioqrafik romanı;
"Xəzərin göz yaşları" (2003) – 1938-cı ildə Azərbaycanda yaşayan İran azərbaycanlılarının Stalin rejimi tərəfindən 3-4 gün ərzində İrana məcburi deportasiyasi haqqında povest;
"Eşq Sultanı" (Ölümündən bir az əvvəl bitirmişdir)- XV-XVI əsrdə yaşayıb-yaratmış böyük Azərbaycan şairi Məhəmməd Füzulinin həyatı haqqında roman.
Yazıçının "Sahibsiz ev" (1966), "Əllərini mənə ver" (1970), "Sənsən ümidim" (1984), "Xəyalım mənim" (2002) kimi bir sira povestlərinin mövzusu müasir həyatdan götürülmüşdür.
"Qızımın hekayələri" (1964), "Anamın nağılları" (1982), "Çiçəklərim" (1988), "Pişik dili" (2001) və sair uşaqlar üçün yazdığı hekayə və nağıllardır.
Əzizə Cəfərzadə, eyni zamanda, bir tədqiqatçı alim kimi Azərbaycan elmi qarşısında təqdirəlayiq xidmətlər göstərmişdir. Onun klassik Azərbaycan ədəbiyyatının, xüsusilə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində gərgin elmi axtarişlarının bəhrəsi olan əsərlər həmişə elmi ictimaiyyətin marağına səbəb olmuşdur. Əzizə xanımın elmi-tədqiqatları onun ədəbi yaradıcılığına da güclü təsir göstərmiş və yazıçının əsərlərini Azərbaycan dilinin saflığı və təmizliyi uğrunda mübarizənin bariz nümunəsinə çevirmişdir. Əzizə xanım ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurlu bir şəkildə əlaqələndirməyi bacarırdı. Elmi tədqiqatçı kimi bir sıra aşıq və şairlərin əsərlərini toplayib çap etdirmişdir ki, bunlara "Fatma xanım Kəminə" (1971), "Könül çırpıntıları" (1972), "Azərbaycanın aşıq və şair qadınları" (1974, 1991), "Azərbaycanın şair və aşıq qadınları" (II nəşr 2003), "Şirvanın üç şairi" (1971), "Mücrüm Kərim Vardani. Sünbülstan" (1978), "Abdulla Padarlı. Seçilmiş əsərləri" (1979), "Hər budaqdan bir yarpaq" (1983) daxildir. Onun bir çox toplayib çap etdirdiyi əsərlərin əsas hissəsini ana və qadın mövzusu təşkil edir ki, bunlar da Əzizə xanıma romanlarından az şöhrət gətirməmişdir. Bu kitablar vasitəsi ilə o, ta qədim dövrlərdən Azərbaycanda yüksək poetik səviyyəli yazılı və şifahi qadın yaradıcılığının mövcud olduğunu və dünya ədəbiyyatında öndər olduğunu sübut etmişdir. Bu əsərlərlə yanaşı onun yüzlərlə məqalə, oçerk, elmi tədqiqat və publisistik məqalələri dövrü mətbuatda çap edilmişdir.
O, "Natavan" adli kino ssenari, çoxlu sayda radio-televiziya pyesləri xatirat və saysız hesabsız bayatı yazmışdır. Əzizə xanım folklorumuzun vurğunu idi, "Bayatı düşüncələrim", "Xızır Nəbi", "Novruz" və başqa Azərbaycan adət-ənənələri, etnoqrafiyası ilə bağlı yazıları, televiziya-radioda çıxışları onu xalqın sevimlisi etmişdir. Bir çox xarici ölkələrdə, o cümlədən Yuqoslaviya, Suriya, Kipr, Hindistan, Sinqapur, Malaziya, İsrail, İraq və Türkiyədə beynəlxalq əhəmiyyətli tədbirlərin iştirakçısı olmuşdur. Bu ölkələrin kitabxanalarından tarixi əsərlər ilə bağlı məlumatlar toplamış və səyahət gündəlikləri yazmışdır. Bunlardan birində 1965-1966-cı illərdə həyat yoldaşının işi ilə bağlı Qanaya (Afrika) səfərinin gündəlikləri "Qızıl sahilə səyahət" (1968) xatiratını yazmasıdir.
Əzizə xanım bir sıra xarici müəlliflərin o cümlədən S.Smirnovun "Brest qalası", Ş.Rəşidovun "Güclü dalğa", A. Lixanovun "Mənim generalım", Ə.Kabaklənən "Əjdaha daşı", S.Çokumun "Bizim diyar" və sair əsərlərini ana dilinə tərcümə etmiş, bir çox kitabın redaktoru olmuşdur. Onun əsərləri də bir sıra xarici dillərə, o cümlədən rus, fars, tacik, ərəb, qazax və sair tərcümə edilib xaricdə nəşr edilmişdir. Fasiləsiz olaraq televiziya və radioda müxtəlif mövzularda çıxışlar etmiş, televiziyada "Klassik irsimizdən", "Aşıq Pəri" və sair çoxsayı proqramların müəllifi və aparıcısı olmuşdur. Bu verilişlər vasitəsi ilə xalqa Azərbaycan klassik və müasir ədəbi irsini təbliğ etmişdir. Bununla yanaşı o radioda Cənubi Azərbaycan uçun verilən proqramların və "Ana" radio jurnalının uzun illər daimi iştirakçısı olmuşdur.
1981-1989-cu illərdə Respublika Qadınlar Şurasının sədri vəzifəsində işləmişdir. Azərbaycan qadın və uşaqlarının hüquqlarının qorunması sahəsində aktiv fəaliyyət göstərmiş, respublikanın ən ucqar rayon-kəndlərinə belə dəfələrlə getmiş və millətin tarixi, taleyi ilə bağlı problemlərlə tanış olmuş, bu problemlərin həll edilməsində yaxından iştirak etmişdir. O həyatı boyu xeyriyyəçiliklə məşğul olmuş, 1979-cu ildə indiki Hacıqabul rayonunun Tağılı kəndində öz vəsaiti hesabına orta məktəb və klub binası tikdirmişdir. Azərbaycanın müstəqilliyi uğrunda və erməni təcavüzünə qarşı hərəkatda daim öndə və fəal iştirak edən bir vətəndaş olmuşdur.
Əzizə Cəfərzadənin Azərbaycan elmi və ədəbiyyatı qarşısında göstərdiyi xidmətlər yüksək qiymətləndirilmişdir. O, dönə-dönə müxtəlif fəxri fərmanlar, "Xalqlar dostluğu" ordeni və müstəqil Azərbaycanın ali mükafatı – "Şöhrət" ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü idi. Azərtelefilm birliyi onun həyat və yaradıcılığı haqqinda 2 telefilm çəkmişdir. Əzizə xanımın ən böyük mükafatı isə xalqın ona qarşı olan böyük məhəbbəti idi. Bu sevginin məntiqi nəticəsi kimi, o 2001-ci ildə "Azərbaycan Anası" və "Xalq Yazıçısı" kimi yüksək adlara layiq görülmüşdür. Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də ömrünün 82-ci ilində uzun sürən ağır xəstəlikdən sonra haqqın dərgahına qovuşmuşdu və vəsiyyətinə əsasən Hacıqabul rayonunun Tağılı kəndində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn edilmişdir