Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Uşaq hüquqları
9 Avqust , 2016



İyunun 1-i bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu, təsadüfi deyil, çünki müasir dövrdə uşaqların problemlərinin həlli, onların hüquqlarının qorunması ən aktual məsələlərdən biridir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

Son illər bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl işlər aparılır, respublikamız uşaq hüquqlarının təminatı ilə bağlı bir sıra beynəlxalq sazişlərə, konvensiyalara qoşulur. BMT-nin Baş Məclisi 1989-cu il noyabrın 20-də "Uşaq hüquqları haqqında Konvensiya" qəbul etmişdir. Dünyanın əksər ölkələri, o cümlədən Azərbaycan Respublikası bu konvensiyaya qoşulmuşdur. Burada uşaqların bir çox hüquqları müəyyən edilmişdir. Onlar fikir, vicdan, din azadlığına, rəyini ifadə etmək, şəxsi həyat hüququnun müdafiə olunmasına, müxtəlif mənbələrdən, informasiyalardan istifadə etmək, laqeyd rəftar hallarından qorunmaq, fiziki, əqli, mənəvi, əxlaqi, sosial inkişafı üçün lazımi şəraitə, istirahət, asudə vaxt və mədəni həyatda iştirak etmək və s. hüquqlara malikdirlər.

Ümummilli lider Heydər Əliyev uşaq hüquqlarının müdafiəsinin davamlılığı, onun məzmununun zənginləşdirilməsi məqsədilə 1998-ci il avqustn 24-də "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununun təsdiqi ilə bağlı xüsusi fərman imzalamışdır. Qanunun 3-cü maddəsində göstərilir ki, "uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir". Qanunda uşaqların hüquq bərabərliyi, vicdan, söz və məlumat azadlığı, yaşamaq və inkişaf etmək, tərbiyə almaq, şərəf və ləyaqətinin müdafiəsi hüquqları da xüsusi vurğulanır.

Hazırda ulu öndərin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uşaq dövlət siyasəti ilə bağlı silsilə fərman və sərəncamlar imzalamışdır. "Ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı"na əsasən məktəblərimiz müasir kompyuter və digər İKT avadanlığı ilə təchiz edilmişdir. Prezidentin 2006-cı il 16 aprel tarixli sərəncamı ilə təsdiq olunmuş "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" ölkənin istedadlı məktəblilərinin aşkar olunmasına və onlara öz istedadlarını inkişaf etdirmək üçün geniş şəraitin yaradılmasına təminat vermişdir. Dövlətin yeritdiyi sosial-siyasi xətt içərisində regionların sosial-iqtisadi inkişafının dövlət proqramları xüsusi qeyd olunmalıdır. Biz bilirik ki, hər bir bölgənin iqtisadi qüdrəti onun insanlarının rifah halının yaxşılaşdırılmasının göstəricisidir. Bu da böyüməkdə olan nəslin mənəvi və fiziki cəhətdən sağlam inkişafına geniş şərait yaradır. Hazırda regionlarda müasir standartlara uyğun, hər cür avadanlıqlarla təhciz edilmiş milli olimpiya mərkəzləri, idman məktəbləri, sağlamlıq ocaqları inşa olunmuşdur. Ona görə də uşaqların idmana cəlb edilməsi məsələsinə xüsusi diqqət yetirilir. Bu gün dövlət bütün məktəbliləri pulsuz dərsliklər və dərs vəsaitləri ilə təchiz edir. Qaçqın və məcburi köçkün uşaqları ali məktəblərə daxil olarkən ödənişdən azad olunur, ədəbi-bədii, musiqi, rəsm yarışları keçirilir. Məktəblərimizin kitab fondu ölkə rəhbərinin sərəncamı ilə çap olunmuş yeni əsərlərlə zənginləşdirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidir" tələbi ölkədə real tətbiqini tapır. Bu işdə Heydər Əliyev Fondunun və onun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüslər, görülən işlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Heydər Əliyev Fondu uşaqların problemlərinə böyük diqqətlə yanaşır, onların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirir. "Yeniləşən Azərbaycana yeni məktəb" çərçivəsində yüzlərlə təhsil ocaqları tikilib istifadəyə verilmişdir. "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" və "Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması" layihəsi çərçivəsində 100-dək körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunmuşdur. Uşaq evləri və internat yetirmələrinin sosial-psixoloji reabilitasiyasına imkan yaradacaq resurs mərkəzinin yaradılması, "Kor və zəif görən uşaqlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi", "Təhsilə dəstək" və "İnklüziv təhsil" proqramlarının həyata keçirilməsi Fondun xidmətləri sırasında xüsusi vurğulanmalıdır. Fondun prezidenti kimsəsiz və yetim uşaqlara, fiziki sağlamlığında problemi olanlara xüsusi yardım göstərir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Diabetli uşaqlara ən yüksək qayğı" və "Talassemiyasız həyat naminə" layihələri cəmiyyətin diqqətinin uşaqların sağlamlığına yönəldilməsi baxımından müstəsna əhəmiyyət daşıyır.

1999-cu il avqustun 30-da ümummilli lider Heydər Əliyevin fərmanı ilə təsdiq edilmiş "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu adıçəkilən məzmuna uyğun olaraq 23 yaşınadək şəxslərin sosial müdafiələri üzrə dövlət təminatını müəyyən edir. Fərmanın icrasından ötən 14 il ərzində ölkədə böyük işlər həyata keçirilmiş, yeni layihələr reallaşdırılmışdır. Prezident İlham Əliyevin 2006-cı il martın 29-da təsdiqlədiyi "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrində uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı" bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Proqramın məqsədi uşaq müəssisələrindəki uşaqların ailələrə verilməsini təmin etmək və onların həmin müəssisələrə verilməsinə şərait yaradan amilləri aradan qaldırmaq olmuşdur. Proqram eyni zamanda xüsusi qayğıya ehtiyacı olanların sağlam cəmiyyətə qovuşmasını, isti ailə mühiti ilə əhatə olunmasını nəzərdə tutur.

Son zamanlar sosial həyatda baş verən inkişaf tərbiyə sisteminin gələcəyini müəyyən edən müsbət irəliləyişlər kimi qeyd olunur. Təhsil sistemində tətbiq edilən yeniliklər, xüsusilə texnologiya sistemlərinin yaradılmasına sosial tələbatı artırmışdır. Cəmiyyətdə keyfiyyətli təhsil özünü təsdiqləmiş, sağlam həyat tərzi və milli-mənəvi dəyərlərə meyil güclənmişdir. Təhsil müəssisələrində uşaqların qidalanmaları, sağlamlıqlarının qorunması yaxşılaşdırılmış, yay düşərgələrində onların səmərəli istirahətinin təşkilinə başlanmışdır.

Təhsilin məzmun və formasının seçilməsi, istedadlı uşaqların yaradıcılıq qabiliyyətlərinin aşkarlanması üçün real şərait yaradılmışdır. Azərbaycan gəncləri 20 il əvvələ nisbətən indi elm, texnika və sosial həyatın müxtəlif sahələrində baş verən müasir proseslər haqqında daha çox məlumata malikdirlər, müasir İKT texnologiyalarına sürətlə yiyələnir, tərbiyənin səmərəli təsirlərini konstruktiv şəkildə dərk edirlər. Uşaqların sosial həyatında tolerantlıq, terrorizmə müqavimət, sülh və qarşılıqlı anlaşma ruhunda tərbiyə, ətraf mühitin, sağlam həyat tərzinin yaradılması, onların hüquqlarının müdafiəsi, humanizm və demokratik təhsil kimi problemlər ön plana çəkilmişdir. Hazırda cəmiyyətin müxtəlif qruplarına aid yaşayış səviyyəsi və yeri, milliliyi, peşəkarlığı, savadlılığı baxımından bir-birindən fərqlənən çoxsaylı uşaq-gənclər ictimai təşkilatlarının yaranması müşahidə edilir. Həmçinin uşaq və gənclərin könüllü ictimai qurumlarının böyük bir bloku formalaşır. Təhsil müəssisələrində şagird və tələbə özünüidarə təşkilatları inkişaf edir. Siyasi və iqtisadi sabitlik, Azərbaycanın təhsil sistemində başlayan müasirləşmə Heydər Əliyev ideyalarının gerçəkləşməsi deməkdir.

Cəmiyyətin sistemli şəkildə dəyişilməsi şəraitində tərbiyənin inkişafı da azərbaycanlı mentalitetinə, ailəyə, milliliyə və ümumazərbaycan mədəni ənənələrinə əsaslanaraq yeni şəraitə adekvat müasir fikirlər, yanaşma prinsipləri əsasında həyata keçirilir. Ümummilli lider Heydər Əliyevin uşaqların tərbiyə sisteminin əsasını təşkil edən ideyaları içərisində tarixilik, milli-mədəni və ümumbəşəri dəyərlər, adət və ənənələr, tolerantlıq, həmrəylik, mədəniyyətlərarası dialoq, ərazilərin toxunulmazlığı və s. ideyalar xüsusi vurğulanmalıdır. Bütün bunlar böyüməkdə olan nəslin dünyaya inteqrasiya prosesinə hazırlığını təmin edir. Bu ideyalar gənc nəsildə öz xalqının tarixi ənənələrinə qayğılı münasibət və nəsillərarası ahəngdar əlaqələrin formalaşması üzrə məqsədyönlü fəaliyyəti əks etdirir. Heydər Əliyevin ideyaları milli və beynəlxalq norma və standartları, milli tarixin yaşanmış həqiqətlərini, təhsil siyasətini, inkişafın perspektivini, səviyyəsini və strategiyasını təşkil edir.

Tərbiyə prosesinin təşkili zamanı sosial mühitdən və maddi vəziyyətindən asılı olmayaraq uşaq və gənclər üçün bərabər imkanların yaradılması, onların ictimailəşdirilməsi şəraiti, demoqrafik qrup kimi qəbul edilməsi daim ön planda olmalı, həyatın çətin anlarında uşaqlara dövlət və cəmiyyət tərəfindən qayğıkeş münasibət göstərilməlidir. Bu gün Heydər Əliyevin demokratiya haqqında ideyalarının tətbiqi uşaqlarla aparılan tərbiyə işinin məzmun və formalarının istifadəsində azad seçim şəraiti yaradır. Dövlət və ictimai təşkilatların uşaqlar arasında təbliğ etdikləri dəyərlər, təqdim olunan məlumatlar davranış və həyat tərzi nümunələrinə görə məsuliyyətin artırılmasını tələb edir. Bu sahədə normativ-hüquqi baza möhkəmləndirilir. Uşaq hüquqlarının qorunması üçün ictimai nəzarət formaları daim inkişaf etdirilir. Tərbiyə sisteminin normativ hüquqi bazasının ictimai, sosial-pedaqoji ekspertiza mexanizmi hazırlanır.

Təhsil müəssisələrində tərbiyə işinin səviyyəsinin yüksəldilməsini təmin edən rəngarəng tədbirlər həyata keçirilir, həmçinin cəmiyyət, dövlət və ailənin aktual məsələləri və inkişaf prinsiplərinin mahiyyəti əsasında tərbiyənin məzmunu müasirləşdirilir. Valileynlərin maarifləndirilməsi və həyat şəraitinin yaxşılaşdırılması yolu ilə ailənin tərbiyəvi iş sistemi təkmilləşdirilir. BMT-nin "Uşaq Hüquqları haqqında Konvensiyası"na və "Uşaq Hüquqları haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq uşaqların hüquqları qorunur, gənc nəslin sosial müdafiəsi və təhlükəsizlik səviyyəsi yüksəlir, antipedaqoji amillərin yaranmasının qarşısı alınır. Uşaq və gənclər arasında neqativ təzahürlərin kompleks profilaktikası işləri aparılır, uşaq narkomanlığına, alkoqolizminə, cinayətkarlığına, nəzarətsizliyinə qarşı mübarizə vasitələri və formaları təkmilləşdirilir. Onların tərbiyəsinə mənfi təsir edən amillərə qarşı səmərəli profilaktik mexanizmlər hazırlanır. Elmi-metodiki təminat gücləndirilir, çətin vəziyyətdə olan, əlil, qaçqın və köçkün regionların uşaqlarının şəxsiyyət kimi inkişafına hərtərəfli dəstək verilir.

Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununda ümumi təhsilin əsas məqsədi kimi böyüməkdə olan gənc nəsildə vətənpərvərlik, azərbaycançılıq tərbiyəsi önə çəkilir. Təhsilli, əxlaqlı, təşəbbüskar, seçim şəraitində müstəqil qərar qəbul etmək bacarığına malik, mədəniyyətlərarası fəaliyyətə və əməkdaşlığa hazır olan, ölkənin taleyi üçün məsuliyyət daşıyan insanın tərbiyəsinə xüsusi diqqət yetirilir. Son zamanlar ölkəmizdə böyüməkdə olan nəslin tərbiyəsi işinə, həmçinin onların dünyagörüşünün formalaşması, sağlam vətəndaş və əqidəli, vətənpərvər gənclərin yetişdirilməsinə dövlət orqanlarının diqqəti əhəmiyyətli dərəcədə artmışdır. Ulu öndər Heydər Əliyevin ideyaları əsas götürülərək müasir dövrdə uşaq və gənclərin vətəndaşlıq, vətənpərvərlik və mənəvi-əxlaqi tərbiyə sisteminin hüquqi əsası formalaşdırılmış və normativ mənbə kimi bir sıra proqramlar qəbul edilmişdir. "Təhsil haqqında" qanun, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu ilin fevralında təsdiq olunmuş "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi" Proqramı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi konsepsiyası" və s. yeniyetmə və gənclərin tərbiyəsində istinad olunacaq hüquqi-normativ baza rolunu oynayır.

Vətəndaşlıq tərbiyəsi insanın hüquqi, mənəvi və siyasi səlahiyyətlərini dərk etməsinə imkan yaradan şəxsiyyətin inteqrativ keyfiyyəti kimi formalaşmasına istiqamətləndirilmişdir. Uşaq və gənclərdə yüksək vətənpərvərlik şüurunun yaradılması öz vətəninə, torpağına məhəbbət və sədaqətin tərbiyəsi, vətəndaşlıq borcunun və vətənin maraqlarının müdafiəsi üzrə Azərbaycan Konstitusiyasında təsbit olunmuş vəzifələrin yerinə yetirilməsinə hazırlıqdır. Tərbiyə prosesinin bu cəhətləri şəxsiyyətin inkişafını, əsasını və təşəkkülünü, uşaq və gənclərin özünüdərk sistemini təşkil edir, onların dünyagörüşünü, dəyər və meyillərini, sosial fəallığının səviyyəsini müəyyənləşdirir.

Bu gün uşaq və gənclərin mənəvi və əxlaqi, vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi üçün bütün tədbirlər həyata keçirilir. Bundan başqa, onlarda milli mədəniyyətimizə maraq, ümumbəşəri və milli dəyərlərin mənimsənilməsinə olan tələbat, bədii zövq və incəsənətə meyil, cəmiyyət həyatında iştirakın formalaşmasına hərtərəfli yardım göstərilir. Bu işdə kütləvi informasiya vasitələrinin, mədəniyyət ocaqlarının - muzeylərin, teatrların, kitabxanaların, radio-televiziya kanallarının, nəşriyyatların rolu xeyli artırılmışdır. Təhsil müəssisələrində uşaq və gənclərin istirahəti və asudə vaxtlarının təşkilinə diqqət artırılmışdır. Peşə seçimi, iqtisadi və əmək tərbiyəsi onlarda bir sıra amillərin formalaşmasına səbəb olmuşdur: sosial və iqtisadi mədəniyyət, əməyin şəxsi və ictimai əhəmiyyətinin dərk edilməsi, uşağın bu prosesdə iştirakı və şəraitə uyğunlaşmaq bacarığı, yaradıcı praktik düşüncə, əməksevərlik, onların bacarıq və səriştəsinin formalaşması, təhsil və peşəkarlıq dəyərlərinə maraq, əmək bazarında davranış və s. problemlərin uğurlu həlli bütün cəmiyyətin həyat fəaliyyəti və onların sonrakı mütərəqqi inkişafından asılıdır.

Bütün bunlar göstərir ki, Azərbaycan dövlətinin yeritdiyi siyasət ölkədə gələcəyin vətənpərvər, yüksək zəkalı, intellektual gəncliyi olan bugünkü uşaqların firavan həyatının, təlim-tərbiyəsinin, fiziki-mənəvi sağlamlığının müdafiəsinə yönəlmişdir və bu istiqamətdə sistemli və ardıcıl şəkildə mühüm tədbirlər həyata keçirilməkdədir. Təbii ki, ölkəmizin iqtisadi imkanları artdıqca cəmiyyətin ən həssas və kövrək təbəqəsi olan uşaqlara diqqət və qayğı daha da yüksələcəkdir.

 

Piralı ƏLİYEV,

Təhsil Problemləri İnstitutunun tərbiyənin nəzəri problemləri şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, əməkdar müəllim