Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Xəbərlər
17 İyul , 2018

Zərdabda 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilib

2018-07-17

Zərdabda 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilib. Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayevin hesabat məruzəsi dinlənilib, müzakirələr aparılıb.

Qeyd olunub ki, yarım ildə iqtisadiyyatın əsas sahələrində 64 milyon 413 min manatlıq məhsul istehsal edilib. Bunun 34 milyon 950 min manatı və ya 54,3 faizi kənd təsərrüfatının payına düşür. Aqrar sektorun rayon iqtisadiyyatında aparıcı sahə olduğu vurğulanaraq bildirilib ki, cari mövsümdə 18 min 653 hektarda taxıl yetişdirilib. Sahələrdən 60 min 150 ton məhsul istehsal edilib ki, bu, rayon tarixində ən yüksək göstəricidir. İstehsal olunan məhsul ötən ildəkindən 1328 ton çoxdur. Hər hektardan orta məhsuldarlıq 32,2 sentner olub. Kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda da görülən işlər ətraflı təhlil olunub.

Bildirilib ki, ixracyönümlü məhsulların istehsalına diqqət artıb. Hazırda 3 min 232 hektarda pambıq yetişdirilir. İpəkçiliyin inkişafı ilə əlaqədar qarşıya qoyulan vəzifələr uğurla həyata keçirilir. Bu ilki mövsümdə 1300 qutu (24 min 700 qram) baramaqurdu toxumundan 53 ton 880 kiloqram barama tədarük edilib ki, bu da respublikada ən yüksək göstəricidir. Kartofçuluq, çəltikçilik, bostan-tərəvəzçilik sahələrində də nəticələr diqqətəlayiqdir.

Yığıncaqda tikinti-quruculuq və abadlıq işlərindən, ümumtəhsil məktəblərinin, səhiyyə ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən, əhalinin elektrik enerjisi, təbii qazla təminatı, su təchizatı sahələrində reallaşdırılan layihələrdən danışılıb. Vurğulanıb ki, cari ilin əvvəllərində Şıxbağı və Nəzəralılı kəndlərinin qazlaşdırılması başa çatdırılıb, 13 kənddə modul tipli sutəmizləyici qurğular quraşdırılıb.

Hesabat yığıncağında qarşıda duran vəzifələr də geniş müzakirə olunub.