Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Xəbərlər
14 Avqust , 2018


Kamal Talıbzadə 1923-cü il avqustun 14-də Bakı şəhərində anadan olmuşdur. 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspirantı olmuş (1945-1948), filologiya üzrə namizədlik (1949), doktorluq (1965) dissertasiyaları müdafiə etmiş, professor (1972) elmi adı almışdır. 1980-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilmişdir. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri (1952-1969, 1981-1994), elmi işlər üzrə direktor müavini (1960-1981), direktoru vəzifəsini icra etmişdir (1968). 1994-cü ildən Azərbaycan Elmlər Akademiyasının elmi məsləhətçisi, eyni zamanda Abdulla Şaiqin Ev Muzeyinin direktoru, Nizami adına Ədəbiyyat İnstitutu nəzdində Dissertasiya Şurasının sədri olmuşdur (2000-2006). 1950-1952-ci illərdə Azərbaycan Dövlət Universitetinin, 1984-1986-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi olmuşdur. Ədəbiyyatşünaslıq elminin bir çox istiqamətlərinin, xüsusilə ədəbi tənqidin tarixi və nəzəri sahələrinin yaranması və inkişafı K.Talıbzadənin adı ilə bağlıdır. Alim Massik irsin, ədəbi əlaqələrin, ədəbiyyat tarixinin problemlərinə, mətnşünaslıq məsələlərinə həsr olunmuş yüzlərlə məqalə və kitabın müəllifidir. “Abbas Səhhət” (1955), “QorM və Azərbaycan” (1959), “XX əsr Azərbaycan tənqidi” (1966), “Ədəbi irs və varislər” (1974), “Azərbaycan ədəbi tənqidinin tarixi” (1984), “Tənqid və tənqidçilər” (1989), “Seçilmiş əsərləri” (2 cilddə), (1994) və s. kitabları elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Onun üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin (1957-1960), ikicildlik “Azərbaycan sovet ədəbiyyatı tarixi”nin (1967) yazılmasında və nəşrində mühüm xidmətləri vardır. Yeddicildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin müəlliflərindən və redaktorlarından olmuşdur. K.Talıbzadə 1982-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. 1986-cı ildə elmi işindəki müvəffəqiyyətlərinə, xüsusilə milli tənqidi fikrin tarixi mənzərəsini əks etdirən “Azərbaycan ədəbi tənqidinin tarixi” adlı əsərinə görə Azərbaycan Dövlət Mükafatı laureatı olmuş (1986), “Əməkdə fərqlənməyə görə” medalı (1970), “Şöhrət” ordeni (1998) ilə təltif edilmişdir. Akademik Kamal Talıbzadə 2006-cı il yanvarın 20-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn edilmişdir. 

Kitabları: “Abbas Səhhət” (1949), “Tənqid və tənqidçilər” (1967), “Ədəbi irs və varislər” (1974), “Vətəndaş şair”, “Sənətkarın şəxsiyyəti” (1978) və s.