Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Xəbərlər
5 Sentyabr , 2018
Bu gün Əzizə Cəfərzadənin anım günüdür     +
Və ya xalqının ədəbiyyat tarixini yazan qadın… 
Azərbaycanın xalq yazıçısı, Azərbaycan xalqının yazıçısı Əzizə Cəfərzadənin həyat hekayəsi Əzizə Cəfərzadəni görkəmli ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü kimi təqdim etməyə heç bir ehtiyac yoxdur. Pafoslu səslənməsin, bu xanım sözün bütün mənalarında ömrünü Azərbaycan ədəbiyyatına həsr edən azsaylı yazıçı qadınlarımızdandır. O, sadəcə yazıçı idi. Onun vətəndaş mövqeyi, onun millətçiliyi, onun xalq təəssübü çəkdiyini deməyə lüzum yoxdur. Onu az da olsa tanıyanlar ürəyindəki tükənməz millət sevgisinə bələddirlər.  Qısa arayış 29 dekabr 1921-ci ildə Bakıda anadan olub. 38 saylı məktəbdə ibtidai təhsilini aldıqdan sonra Sabir adına Pedaqoji Texnikumda və Bakı Teatr məktəbində oxuyub. Əlaçı oxuduğu üçün Azərbaycanda ilk dəfə təsis edilən M.F.Axundov mükafatına birinci o layiq görülüb. 1942-44-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləyib. 1946-47-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1944-46-cı illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ssenari şöbəsinin rəisi, 1947-49-cu illərdə teatr texniki məktəbinin müdiri, 1950-55-ci illərdə pedaqoji institutda dosent, kafedra müdiri, 1956-cı ildə Kamçatka pedaqoji institutunda dosent, 1957-74-cü illərdə Azərbaycan Elmlər Akademiyasının əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri işləyib. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin professoru olub. XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınan Əzizə Cəfərzadə 1950-ci ildə “XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri” mövzusunda namizədlik, 1970-ci ildə “XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. “Əzrayıl”la ədəbiyyata gələn qız tarixi araşdıran alimə çevrilib 1937-ci ilin vurhavur vaxtlarında ilk dəfə 16 yaşlı Əzizənin “Əzrayıl” adlı hekayəsi “Ədəbiyyat” qəzetində çap edilsə də, 11 il sonra onun çap edilən ilk kitabı Moskvanın xüsusi qərarı ilə satışa çıxmadan yığışdırılaraq yandırılıb. Sovet senzurası gənc yazıçını salon lirikasını tərənnümdə, yəni “Axmatovşina”da ifşa edərək kitabı yığışdırır. Bu qərar Əzizəyə pis təsir etsə də, onun bir yazıçı kimi tarixi əsərlər yazmasına mane olmayıb. Müasir Azərbaycan nəsr tarixində tarixi roman janrı onun qələmi ilə yenidən canlanıb. 1963-cü ildə “Natavan haqqında hekayələr”i yazır. Bu hekayələrdə o, Xurşudbanu Natəvanın həyatını dolğun ifadələrlə qələmə alıb. Müəllifin ilk tarixi romanı XIX əsrdə Şamaxıda yaşayıb-yaradan məşhur şair Seyid Əzim Şirvaninin ədəbi həyatından bəhs edib. “Aləmdə səsim var mənim” adlı həmin roman 1973-78-ci illərdə yazılıb. Paralel olaraq yazdığı “Vətənə qayıt” tarixi romanı isə 1977-ci ildə çap edilib. XVIII əsrdə rus qoşunlarının Azərbaycana ilk gəlişi fonunda şair Nişat Şirvaninin həyatı və Şirvanın Selyan bölgəsində baş verən hadisələr romanda müfəssəl təsvir olunub. Artıq bu illərdə hamı – ədəbi ictimaiyyət də, sıravi Oxucular da yazıçıdan yenə tarixi əsərlər gözləyirdi. 1980-ci ildə XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayan romantik şair Abbas Səhhətin həyat və yaradıcılığından bəhs edən “Yad et məni” romanını, cəmi bir il sonra Şah İsmayıl Xətai və onun Bakıya yürüşü tarixini özündə əks etdirən “Bakı-1501”tarixi romanını yazıb. “Cəlaliyyə” (1983) romanında isə XII əsr Naxçıvanın qadın hökmdarı Cəlaliyyənin Vətənin müdafiəsi uğrunda apardığı mübarizənin tarixini dəqiqliklə göstərib. Əzizə Cəfərzadənin qadın həmkarlarından ən böyük fərqi onun tutduğu yolu dönmədən, kişi kimi mətinliklə davam etdirməsindədir. Yazıçı mənsub olduğu xalqın tarixini bədii ədəbiyyata gətirməklə onun təbliğinə çalışırdı. İstər tarixi, istərsə də ədəbi prosesləri gözəl bilən və daima axtarışda olan ədəbiyyatşünas alim Azərbaycan ədəbiyyatında öz qələmi ilə silinməz iz qoyub. “Sabir” (1989) romanı XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaradan məşhur satirik şair Mirzə Ələkbər Sabirə, “Eldən elə” (1992) XIX əsrdə 37 il dünya səyahətində olan coğrafiyaşünas Zeynalabdin Şirvaniyə həsr edilib. “Bir səsin faciəsi” (1995), “Gülüstan”dan öncə” (1996), “Zərrintac-Tahirə” (1996), “İşığa doğru” (1998), “Bəla” (2001), “Rübabə sultanım” (2001) tarixi romanları Əzizə Cəfərzadənin fasiləsiz axtarışlarının məhsuludur. “Eşq sultanı” və … Bütün ömrünü Azərbaycan ədəbiyyatının tarixinə və onun araşdırılıb, geniş ictimaiyyətə çatdırılmasına həsr edən Əzizə Cəfərzadə 2003-cü ildə çevrilib geriyə – özünün gənclik illərində baş verən hadisələrə baxıb. “Xəzərin göz yaşları” adlı povestində yazıçı 1938-ci ildə Azərbaycanda yaşayan Cənubi azərbaycanlıların Stalin rejimi tərəfindən 3-4 gün ərzində İrana məcburi deportasiyasını olduğu kimi qələmə alıb. Əzizə Cəfərzadə şərqin dühası Məhəmməd Füzulini gözəl bilirdi. Onun son əsəri də elə bütün ömrü boyu axtarışında olduğu Füzuli həyatından bəhs edir. Ölümündən bir az əvvəl bitirdiyi “Eşq sultanı” romanı böyük Azərbaycan şairi Məhəmməd Füzulinin həyatı haqqındadır. Zamanı özünə uyğunlaşdıran yazıçı Onun həyatına nəzər saldıqda məəttəl qalmaya bilmirsən. Elə bil ki, Əzizə Cəfərzadə günün 24 saatını yazıb. Halbuki pedaqoji fəaliyyət, elmi axtarışlar, səfərlər, tərcümələr və ictimai fəaliyyəti heç vaxt kölgədə qoymayıb. Bütün işlər bir-birinə paralel şəkildə, vaxtlı-vaxtında çatdırılıb. Bir sözlə, yazıçı zamanı özünə uyğunlaşdıra bilib. Həm də Əzizə Cəfərzadə təkcə tarixi romanlar yazmayıb. Yazıçının “Sahibsiz ev” (1966), “Əllərini mənə ver” (1970), “Sənsən ümidim” (1984), “Xəyalım mənim” (2002) əsərləri geniş Oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanıb. Uşaqları yaddan çıxarmayan Əzizə Cəfərzadə “Qızımın hekayələri” (1964), “Anamın nağılları” (1982), “Çiçəklərim” (1988), “Pişik dili” (2001) kimi hekayələr və nağıllar yazıb. Dilinin mübarizəsini aparan vətəndaş Azərbaycan elmi qarşısında böyük xidmətlər göstərən Əzizə Cəfərzadə istər klassik Azərbaycan ədəbiyyatının, istərsə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində durmadan işləyib. İş burasındadır ki, alim Əzizə Cəfərzadənin elmi axtarışları yazıçı Əzizə Cəfərzadəyə böyük təsir göstərib. Yazıçının bütün əsərlərində Azərbaycan dilinin saflığı özünü göstərir. O, vətəndaş olaraq dil uğrunda apardığı mübarizədə həmişə qalib olub. Onun digər üstünlüyü isə ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə əlaqələndirə bilməsindədir. Elmi tədqiqatçı kimi bir sıra aşıq və şailərin əsərlərini toplayıb çap etdirib. “Fatma xanım Kəminə” (1971), “Könül çırpıntıları” (1972), “Azərbaycanın aşıq və şair qadınları” (1974, 1991), “Azərbaycanın şair və aşıq qadınları” (II nəşr 2003), “Şirvanın üç şairi” (1971), “Mürcüm Kərim Vardani. Sünbülüstan” (1978), “Abdulla Padarlı. Seçilmiş əsərləri” (1979), “Hər budaqdan bir yarpaq” (1983) kitabları yazıçıya heç də bədii əsərlərindən az şöhrət gətirməyib. Dünyanı ədəbiyyatımıza gətirən xanım Ana və qadın mövzusu onun əsərlərində həmişə qabardılıb. Bununla da o, mənsub olduğu xalqın zərif cinsinin nümayəndələrinin müsbət keyfiyyətlərini, hiss-həyəcanlarını, mübarizliyini dünya Oxucularına çatdırırdı. Yazıçı həm də bədii ədəbiyyatla kifayətlənməyib, yüzlərlə məqalə, oçerk, elmi-publisistik məqalələr yazaraq yerli və xarici mətbuatda çıxışlar edib. Folklorumuzun vurğunu olan Əzizə xanım “Bayatı düşüncələrim”, “Xızır Nəbi”, “Novruz” və başqa etnoqrafik yazıları ilə Azərbaycan xalqının milli adət-ənənələrini özündə əks etdirən böyük yazılarla daima mətbuatda çıxış edib. Türkiyə, İran, İsrail, Malayziya, Sinqapur, Hindistan, Kipr, Suriya və keçmiş Yuqoslaviya respublikalarında iştirak etdiyi beynəlxalq tədbirlərdə Azərbaycan və onun tarixi haqqında danışıb. Əzizə Cəfərzadə olduğu bütün ölkələrin kitabxanalarında yazdığı tarixi əsərləri ilə bağlı faktlar toplayaraq, romanlarında istifadə edib. Onun səyahət gündəlikləri Oxucu üçün olduqca maraqlıdır. Olduğu bütün ölkələri əsərləri, yazıları ilə ədəbiyyatımıza gətirməkdən yorulmayıb. “Qara qitə” və ya “Qızıl sahilə səyahət” Öz şəxsi həyatı bu xanımın özü üçün heç vaxt maraqlı olmayıb. Çox nadir halda qadınlar bu yolu tutur. Həm də parlaq biznes fəaliyyəti və ya hansısa siyasi baxışlar üçün deyil, sırf ədəbi yaradıcılığı üçün bu addımı atanlara az rast gəlinir. Əzizə xanımın alnına bir də “qara qitə”də yaşamaq yazılıb. 1965-1966-cı illərdə pilot olan həyat yoldaşının işi ilə bağlı Qanaya (Afrika) gedib. Həmin illərdə Qanada yaşayan yazıçı xanım yaradıcılığından orada da əl çəkməyib. Onun səfər gündəlikləri 1968-ci ildə çap olunan “Qızıl sahilə səyahət” xatirət kitabında toplanıb. Kitabda yazıçı afrikalı insanların həyat tərzini, fəaliyyətlərini, kənardan görünə bilən və bilinməyən tərəflərini məharətlə təsvir edib. Xeyriyyəçi qadın, vətənpərvər insan və “Azərbaycan Anası” Əzizə Cəfərzadə 1981-89-cu illərdə Respublika Qadınlar Şurasının sədri vəzifəsində işləyib. Tutduğu sosial statusdan asılı olmayaraq, qadın və uşaqların hüquqlarının qorunması sahəsində aktiv fəaliyyət göstərib. Özünü Azərbaycana həsr edən yazıçı xanım dəfələrlə respublikanın ən ucqar rayon və kəndlərinə gedərək, millətin tarixi, insanların taleyi ilə tanış olub və rastlaşdığı problemlərin həllində yaxından iştirak edib. O, həm də xeyriyyəçi kimi sıravi vətəndaşların sevgisini qazanıb. 1979-cu ildə kitablarından qazandığı qonorar hesabına Hacıqabul rayonunun Tağılı kəndində orta məktəb və klub binası tikdirib. Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağda erməni separatizmi baş qaldıranda ilk səsini ucaldan ziyalılar arasında Əzizə Cəfərzadə də vardı. Yazıçı dəfələrlə ön cəbhəyə gedərək, əsgərlərlə görüşüb, onlara ana nəvazişi göstərib. Xalqına bağlı olan xanım yazıçı xalqından ən böyük adı – “Azərbaycan Anası” adını ömrünün 80-ci ilində alıb. Həyatında yalnız bir dəfə xoşbəxt olub Onun həyatı digər həmkarlarından fərqlənib. O, qadınlardan daha çox kişi kimi mübarizə aparıb. Həmişə mənsub olduğu xalqın içində olub. Öz dediyinə görə, həyatda yalnız bir dəfə xoşbəxtliyin nə olduğunu dadıb. “Xalqlar həbsxana”sının dağılmasından sonra Kirovun Bakının Dağüstü Parkındakı “Çalağana” bənzəyən heykəlinin uçurulduğu gün Əzizə Cəfərzadənin həyatında ən xoşbəxt olduğu gündür! Bunu o özü dəfələrlə, bezmədən deyib. Bakıda başlayan ömrün sahibəsi kənddə Azərbaycanın xalq yazıçısı, Azərbaycan xalqının yazıçısı Əzizə Cəfərzadə 4 sentyabr 2003-cü ildə, ömrünün 82-ci ilində uzun sürən xəstəlikdən vəfat edib. Millətinə düşkünlüyü ilə şəxsi həyatını arxa plana keçirən yazıçı öz vəsiyyətinə əsasən, Hacıqabul rayonunun Tağılı kəndində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn edilib. Bu isə onun xalqına ən böyük arzusudur: “Gələcək nəslimiz üçün sakit, dinc, müstəqil bir Vətən istəyirəm, xoşbəxt bir istiqbal arzulayıram!”